Haqqımızda

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların səmərəliliyini təmin etmək üçün ilk növbədə əhalinin iqtisadiyyatın müxtəlif sahələrində çalışa biləcək ixtisaslı və peşəkar kadrların hazırlanmasına ciddi ehtiyac duyulur. Qabaqcıl beynəlxalq təcrübə əsasında müvafiq mütəxəssisləri hazırlamaq və onların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi yaradılmışdır.

Dövlət Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı halda onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə işəgötürənlərin mövcud tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edir.Bakı Peşə Hazırlığı Mərkəzi vasitəsilə işçi heyətin bilik və bacarıqlarının artırılması, eləcə də müasir əmək bazarın tələblərinə cavab verən, ölkə üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətli ixtisaslı kadrların hazırlanması nəzərdə tutulmuşdur ki, bu da ölkənin həm iqtisadiyyatının inkişafında, həm də məşğulluğun artırılmasında mühüm rol oynayacaq.

Dövlət Məşğulluq Agentliyinə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlar Bakı Peşə Hazırlığı Mərkəzində xüsusi təlim keçdikdən sonra kursu bitirmələri haqda sertifikat əldə edib işlə təmin olunur. Hər ixtisas üçün təyin olunan kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilir.

Bakı Peşə Hazırlığı Mərkəzində təşkil olunan təqaüdlü peşə hazırlığı kurslarına qeydiyyatdan keçmək üçün vətəndaşlar Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçməlidir.

Whatsapp Zəng et