QubaXaçmaz Regional Məşğulluq filialının Grant Garden MMC ilə əməkdaşlığı çərçivəsində, Bakı Peşə Hazırlığı Mərkəzində “Bağban” peşə hazırlığı kursunun açılışı oldu. 2 qrupdan ibarət olan kursa 29 işsiz vətəndaş cəlb olunub.
05.09.2022-ci il tarixində başlanan, nəzəri təlim, istehsalat təlimi və istehsalat təcrübəsindən ibarət olan kurslar 31.10.2022-tarixində yekunlaşacaq. Bu müddətdə müdavimlər, ölkə üzrə təyin olunan minimum aylıq əməkhaqqı məbləğində təqaüdlə təmin olunacaq, buraxılış imtahanından müvəffəqiyyətlə keçən məzunlar işlə təmin olunacaq.
2011-ci ildə əsası qoyulan, Grant Garden şirkəti meyvə və quru meyvə yetişdirilməsi üzrə ixtisaslaşıb. Torpaq sahələri əsasən Qusar və Şabran rayonları ərazisində yerləşdiyinə görə yerli əhalinin münasib işlə təmin olunmasına zəmin yaradır. Şirkətin, adı çəkilən rayonlarda yüksək standartlara cavab verən müasir bağ şəbəkəsi var, bu isə yeni vakansiyaların yaradılmasına və daha çox işsiz və işaxtaran vətəndaşın əmək bazarına inteqrasiyasına dəstək olacaq.